Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında oktyabrın sonlarına planlaşdırılan görüş baş tutmayacaq.
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bildirib.
Onun sözlərinə görə, görüş “vaxt çatışmazlığı səbəbindən” keçirilməyəcək. Klaar həmçinin qeyd edib ki, Brüssel belə bir görüşün təşkili üzərində işləməyə davam edir.
Xatırladaq ki, bir müddət əvvəl oktyabrın 25-də Əliyev-Paşinyan-Mişel görüşünün keçiriləcəyi bildirilmişdi. Avropa İttifaqındakı mənbələrin iddialarına görə, Bakı və Yerevan bu görüşə razılıq vermişdi.
Klaar həmçinin qeyd edib ki, onların məqsədi Dağlıq Qarabağ ermənilərinin öz evlərinə qayıtmasıdır. O hazırda Brüsseldə Paşinyanla Əliyev arasında görüş təşkil etməyə çalışdıqlarını qeyd edib.
İki gün əvvəl Tehranda xarici işlər nazirlərinin görüşünün keçirildiyi “3+3” formatına gəlincə, Klaar deyib ki, bu, problemin həlli olmasa da, faydalı ola bilər: “Heç bir ziddiyyət yoxdur”.