Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas elementidir.
Bu barədə Trend-ə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması 2020-2022-ci illərdə yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksi əsasında qurulan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas elementidir. Bu məsələ ilə məşğul olmaq Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi altında Üçtərəfli İşçi Qrupa (ÜİQ) həvalə olunub.
Bu günədək ÜİQ-in 12 iclası keçirilib (sonuncu 2 iyun tarixində), perspektiv dəmir yolu və avtomobil marşrutları paketi təfərrüatı ilə nəzərdən keçirilib”, – deyə Zaxarova bildirib.
O, ÜİQ-in 12-ci iclasının yekunlarına görə, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasının modallıqlarının razılaşdırılmasında irəliləyiş qeydə alındığını xatırladıb.
“Arazdəyən-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların atılmasına dair ümumi razılaşma əldə olunub. Fəaliyyətimizdə qarşılıqlılıq və hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət prinsiplərinə riayətdən çıxış edirik”, – deyə Mariya Zaxarova əlavə edib.
O, həmçinin, kommunikasiyaların açılması yolunda müvəffəqiyyətin üçtərəfli fəaliyyətin digər istiqamətlərinə əlavə təkan verəcəyini vurğulayıb. Bu, o cümlədən, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması, Azərbaycan-Ermənistan sərhədlərinin demilitasiyası, eləcə də, ictimai xadim və parlamentarilər arasında dialoqun başladılması ilə bağlıdır.