Avropa Parlamenti Cənubi Qafqazda baş verənlərlə bağlı çox aydın mövqe bildirib. Bunu Avropa Parlamentinin prezidenti Roberta Metzola baş nazir Nikol Paşinyanla keçirdiyi mətbuat konfransında “Lurer”in Azərbaycana qarşı qətnamələri ilə irəli sürülən sanksiyaları praktikada həyata keçirmək üçün parlamentin mexanizmlərdən istifadə edib-etməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
“Təsadüfi deyil ki, bu parlament çox aydın mövqe bildirib, qərarlar qəbul edib, hesabatlar verib. Parlamentin böyük əksəriyyəti sülh danışıqlarının mümkün qədər tez bərpa olunmasını istəyib. Biz prezident Əliyevin və baş nazir Paşinyanın Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüşün oktyabrın sonunadək Brüsseldə keçirilməsi barədə razılığa gəlməsinə dair çox müsbət işarəni alqışlayırıq”, - Metzola bildirib və əlavə edib ki, Əsas müzakirə mövzuları sərhədlərin müəyyən edilməsi, kommunikasiya kanalları və humanitar məsələlərdir.
Avropa Parlamenti sədrinin sözlərinə görə, onların təşkilatı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında dialoqa çağırır. “Bizim məqsədimiz budur. Növbəti addımlar digər strukturlarla birlikdə atılacaq, lakin bu parlament bütün qeyd olunan prinsipləri təmin etmək üçün bizi aparıcı rol oynamağa çağıran siyasi qurumdur”, - Metzola yekunlaşdırıb.