Azərbaycanla Ermənistan arasında danışıqlara vasitəçilik edən hökumətlər rəsmi Bakının qarşısında Qarabağın etnik erməni sakinlərinin regiona qayıdışına sayğı, bu hüququn qorunması və gerçəkləşməsinə dair konkret öhdəlik qoymalıdır.
Bunu "Human Rights Watch" insan haqları təşkilatı oktyabrın 5-də yaydığı
bəyanatda bildirir.
Qeyd olunub ki, Bakı sentyabrın 19-20-də birgünlük əməliyyatla Dağlıq Qarabağı nəzarətinə götürüb və bundan sonra azı 100 min erməni DQ-dan Ermənistana qaçmağa məcbur olub.
"Azərbaycanın region və sakinləri üçün reinteqrasiya planında inşa haqlarına, özəlliklə etnik azlıqların hüquqlarına qısa və uzunmüddətli necə sayqı göstəriləcəyi aydın ifadə olunmalıdır; bu öhdəliklərin davamlı beynəlxalq monitorinqi üçünsə müstəqil missiyaya şərait yaradılmalıdır", – bəyanatda vurğulanır.
"Azərbaycanın tərəfdaşları ölkə rəhbərliyinə birmənalı mesaj verməlidirlər ki, qayıdış hüququna gəldikdə boş ritorikanı və yarımçıq tədbirləri qəbul etməyəcəklər", – qurumun Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.
"Human Rights Watch" Ermənistan sərhədində Dağlıq Qarabağdan getmiş 14 nəfəri və 7 ailəni, eləcə də 12 humanitar işçini, tibbi personalı və Ermənistan rəsmilərini danışdırıb.
Onlar evlərini qorxu və çaxnaşma içində tərk etdiklərini deyiblər. Müsahibə verənlərin çoxu şəxsi əşyalarını yığmaq üçün Dağlıq Qarabağa getməyi nəzərdən keçirəcəklərini, ancaq bunu yalnız beynəlxalq qoruma altında edə biləcəklərini söyləyiblər.