Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevlə söhbəti zamanı Bakının Yerevana qarşı ərazi iddiaları ola bilməyəcəyini bəyan edərək, Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasına təminat verilməsini tələb edib. Mişel bunu Qranadada keçirilən Avropa Siyasi Birliyinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində bəyan edib.
“Mən iki gün əvvəl prezident Əliyevlə danışdım və ona açıq şəkildə dedim ki, onun Ermənistana qarşı ərazi iddiası ola bilməz. Bunu ucadan söyləmək lazımdır və Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması təmin edilməlidir”, - deyə Mişel bildirib.
O, Əliyevin Qranadada keçirilən beştərəfli görüşdən geri çəkilmək qərarına münasibət bildirməyib və bu barədə fikirlərini şəxsən Azərbaycan prezidentinə deyəcəyini bildirib.
Mişelin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında vasitəçilik Avropa İttifaqının maraqlarını qorumaq və Qafqazda Avropa dəyərlərinin təbliğinə yönəlməkdədir.