İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “3+3” formatının regiondankənar qüvvələrin müdaxiləsi olmadan regional problemlərin həlli üçün effektiv mexanizm olduğunu vurğulayıb.
Bu haqda Tehranda Əmir Abdullahyan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə bildirib.
İranın XİN rəhbəri beynəlxalq sərhədlərin qorunub saxlanması və ölkələrin ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, regional problemlər kənar müdaxilə olmadan region dövlətləri tərəfindən həll edilməlidir.
O, həmçinin İran və Ermənistan arasında inkişaf edən münasibətlərdən məmnunluğunu ifadə edib.
“Ümid edirəm ki, ticarət dövriyyəsinin həcmi hər il 3 milyard dollara çatacaq ki, bu da hərtərəfli və uzunmüddətli əməkdaşlıq sazişinin olmasını tələb edir” – deyərək nazir bildirib.
İranın Xarici işlər naziri həmçinin qeyd edib ki, İran Dağlıq Qarabağdan olan qaçqınlar üçün Ermənistana humanitar yardım göndərməyə hazırdır.
Qriqoryan isə öz növbəsində İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndirərək, Yerevanın Tehranla əlaqələri genişləndirməkdə qərarlı olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan Cənubi Qafqazın inkişafında və regionda sabit sülhün bərqərar olmasında İranın rolunu mühüm və konstruktiv hesab edir.