ABŞ Dağlıq Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına çağırışını təsdiqləyib. Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedan Patel bildirib.
“ABŞ layiqli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyilə ən yüksək səviyyədə qarşılıqlı fəaliyyətdə rol oynamağa davam etməyi planlaşdırır.
Siz də gördünüz ki, biz ötən həftə ərzində və sonra Dağlıq Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına çağırışımızı təkrarladıq. Məqsəd etnik ermənilərin hüquq və təhlükəsizliyinin qorunacağına dair şəffaflığı və əminliyi təmin etməkdir”,- Patel deyib.
"Əsasən söhbət qayıtmaq istəyənlərdən, həmçinin mədəni irs obyektlərinin qorunmasından gedir ki, bu da, əlbəttə ki, Azərbaycanın açıq bəyanatlarına, eləcə də beynəlxalq öhdəliklərinə uyğundur", - o əlavə edib.
"Biz yada salırıq ki, böyük əksəriyyət, zənnimcə, demək olar ki, bütün etnik ermənilər gediblər. Humanitar yardımla bağlı ciddi bir problem var, buna görə USAID administratoru Samanta Pauer bir neçə gün öncə orada olub", - ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Jon Kirbi jurnalistlərə deyib.
O əlavə edib ki, ABŞ 11 milyon dollar humanitar yardım ayırıb.
Çərşənbə axşamı Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq barədə qərar qəbul etməsi baxımından Bayden administrasiyası Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmətini ifadə edib.
"Biz hər bir ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq hüququna hörmətlə yanaşırıq və Ermənistan da daxil olmaqla, ədalətin təminatı üzrə öhdəlik götürmüş, soyqırıma, müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət götürmüş bir çox dövləti təqdir edirik", - Patel deyib.