Kreml Dağlıq Qarabağdakı vəziyyətin inkişafını, o cümlədən humanitar aspektini diqqətlə izləyir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Samvel Şahramanyanın 2024-cü il yanvarın 1-dən Dağlıq Qarabağın mövcudluğuna son qoyulması haqqında fərman imzalamasını şərh edərkən bildirib.
“Sülhməramlılarımız insanları dəstəkləməyə davam edirlər. Çoxları Ermənistan ərazisinə köçmək istəklərini bildirirlər. İstəyənlərə dəstək verilir”, - deyə Kremlin sözçüsü bildirib.
O, Ermənistanın Roma Statutunun ratifikasiyası prosesinə toxunub. “Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfi deyilik, üstəlik Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib”.
Peskov qeyd edib ki, bununla bağlı Ermənistan tərəfinin Ermənistan-Rusiya ikitərəfli sənədinin imzalanması təklifi ilə bağlı detalları bilmir. Kremlin sözçüsü əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Ermənistana səfər etməyi planlaşdırmır.