Türkiyə regional “3+3” platformasının aktivləşməsində maraqlıdır və bu formatda görüş keçirməyə hazır olduğunu dəfələrlə bəyan edib, ölkə prezidentinin ofisindəki mənbə RİA Novosti-yə bildirib.
“3+3” platforması Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutur. 2022-ci ilin dekabrında Moskvada Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə “3+3” regional məsləhətçi platformasının ilk iclası keçirilib.
Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisinin regional məsləhətləşmə mexanizmində iştirakdan imtina etdiyini təsdiqləyib. Çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi telefon danışığı zamanı 3+3 regional məsləhət platformasının işinin aktivləşdirilməsində maraqlı olduqlarını bildiriblər.