Moskva Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın etnik erməniləri ilə təmasları davam etdirir, Rusiya prezidentinin mətbuat katibi bildirib.
Dmitri Peskov ABŞ Dövlət Departamentinin nümayəndəsinin Dağlıq Qarabağda beynəlxalq missiyanın yaradılması zərurəti ilə bağlı sözlərinə də münasibət bildirib. “Biz bu fikirlə bağlı heç bir aydınlıq görmürük. Ümumiyyətlə, istənilən missiyanın işə salınması yalnız Azərbaycan tərəfinin razılığı ilə mümkündür”, - deyə Peskov qeyd edib.
Onun sözlərinə görə, Rusiya Vaşinqtondan fərqli olaraq Dağlıq Qarabağda nizamlanma prosesində faktiki iştirak edir.
Kremlin sözçüsü Rusiya-Ermənistan münasibətlərinə də toxunub, Moskva ilə Yeravnın iqtisadi və digər sahələrdə əməkdaşlığının Ermənistanın inkişafına mühüm töhfə verdiyini və Yerevanla Vaşinqton arasında əməkdaşlıq səviyyəsi ilə müqayisə oluna bilməyəcəyini qeyd edib. O, əlavə etdi: “Rusiyanın Ermənistana təbii sərvətlərinin kifayət qədər güzəştli qiymətə çatdırılmasını unutmaq olmaz”.
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev-in Ermənistana səfərinə və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünə toxunan Peskov qeyd edib ki, bu, əvvəlcədən planlaşdırılmış səfərdir və bu səfər zamanı tərəflər ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə ediblər.