Almaniya hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir. Onlar bölgədəki erməni əhalisinin durumundan narahatdırlar. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuat konfransında bildirib.
“Ötən həftə müşahidə etdiyimiz Azərbaycanın hərbi gücdən istifadə etməsi qəbuledilməzdir. Həm də etnik ermənilərin qovulması və ya məcburi köçürülməsi”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda mülki əhalinin hüquqlarının müdafiəsini təmin etməli, silahlı qüvvələr isə beynəlxalq humanitar hüquq normalarına əməl etməlidir.
O qeyd edib ki, Almaniya tərəfinin nöqteyi-nəzərindən “Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları da mülki əhalinin müdafiəsini təmin etməyə borcludurlar. Bu, onların problemidir”.
O xatırladıb ki, regionda Aİ müşahidəçiləri işləyir. "Lakin Aİ missiyası sərhədin yalnız Ermənistan tərəfində fəaliyyət göstərir və Dağlıq Qarabağdan hesabat verə bilməz", - deyə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi izah edib.