ABŞ dövlət katibi Entoni Blinken Dağlıq Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını ifadə edib və humanitar təşkilatların ehtiyacı olan əhaliyə maneəsiz girişinin zəruriliyini bəyan edib. Dövlət katibi Blinken Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib ki, Vaşinqton Dağlıq Qarabağ problemi kontekstində güc tətbiqini qəbuledilməz hesab edir, çünki bu, Ermənistan və Azərbaycanın, eləcə də ABŞ-ın sülhə nail olmaq üçün göstərdiyi səylərə ziddir.
Ona ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağı bərpa etmək hüququnu tanıyıb-tanımadığı sualı verilib. Blinken bildirib ki, bu həftə həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Azərbaycan prezidenti İlham Əliyevlə danışıb və həmin söhbətlərdə ABŞ-ın son hadisələrlə, xüsusən də Azərbaycanın hərbi əməliyyatları ilə bağlı dərin narahatlığını ifadə edib.
“Biz açıq şəkildə bildirmək istəyirik ki, güc tətbiqi qəbuledilməzdir, bu, bizim və ən əsası iki ölkənin regionda ədalətli və ləyaqətli sülh əldə etmək səylərinə ziddir”, - deyə o, cavab verib.
O, həmçinin Dağlıq Qarabağdakı humanitar vəziyyətdən narahatlığını ifadə edib və humanitar təşkilatların ehtiyacı olan əhali üçün maneəsiz girişinin zəruriliyini bəyan edib.