Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel BMT Təhlükəsizlik Şurasının sessiyasında qeyd edib ki, Aİ Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyir.
“Çox çətin bir dövr yaşayan Qarabağ ermənilərinə tam həmrəyliyimi bildirirəm”,-deyə o qeyd etdi.
Borrelin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquqlarına və təhlükəsizliyinə hörmətin tam təmin olunması üçün məsuliyyət daşıyır. O, Aİ-nin mövqeyini xatırladıb ki, münaqişələrin həlli üçün gücdən istifadə yolverilməzdir və Azərbaycanın hərbi fəaliyyətini pisləyib.
Borrel Azərbaycanı Laçın dəhlizini tam şəkildə açmağa çağırıb. O, Bakını Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini, o cümlədən öz evlərində yaşamaq hüququnu təmin etmək üçün onlarla hərtərəfli və şəffaf dialoq aparmağa çağırıb.
Borrel Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə birmənalı şəkildə hörmətlə yanaşmağa və sülh sazişinin bağlanması məqsədilə dialoqu bərpa etməyə çağırıb.