Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının xüsusi sessiyasında Dağlıq Qarabağda sülh və təhlükəsizliyi qoruyacaq BMT mandatlı sülhməramlı qüvvələrin yaradılmasına çağırıb.
“İndi Azərbaycan Dağlıq Qarabağa qarşı güc tətbiqinə yenidən başlayıb, insanlar öz yurd-yuvalarından məcburi köçkün düşüblər və öz doğma yurdlarından zorla köçürülmə riski ilə üzləşiblər",- Mirzoyan dedi.
O qeyd edib ki, Ermənistanın mövqeyi dəyişməz olaraq qalır: “Biz suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan dinc münasibətlər qurmalıyıq, lakin bu, təbii ki, Dağlıq Qarabağda kütləvi vəhşiliklərə, o cümlədən etnik təmizləməyə icazə kimi şərh edilə bilməz”.
“Dağlıq Qarabağdan olan görüntülər həqiqətən şoka salır - qadınlar, uşaqlar, sığınacaqsız və yeməksiz qocalar, itkin düşən uşaqlarını axtarıb tapmağa çalışan analar, Azərbaycanın ərlərini həbs edə biləcəyi qorxusundan ağlayan qadınlar. Bütün bunların 21-ci əsrdə baş verdiyinə inanmaq çətindir”, - deyə nazir Mirzoyan bildirib.
“BMT Baş Assambleyasının sessiyasında beynəlxalq birliyin bütün üzvləri dünyada sülhün qorunması yollarını axtarır. Hamımız insan tələfatının qarşısını almaq üçün güc tətbiqini pisləmək imperativindən danışırkən, bura sülh işində iştirak etmək üçün gəlmişikən, sentyabrın 19-da Azərbaycan üçtərəfli bəyanatı və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Dağlıq Qarabağ xalqına qarşı növbəti genişmiqyaslı hücuma başlayıb.
Dağlıq Qarabağın bütün ərazisi, Stepanakert və digər yaşayış məntəqələri intensiv şəkildə raketlər, ağır artilleriya, qırıcı aviasiya, o cümlədən qadağan olunmuş kassetalı sursatlarla bombardman edildi.
Qadınlar, uşaqlar və qocalar da daxil olmaqla, 10 mindən çox insan məcburi köçkün vəziyyətinə düşüb, onlar hazırda açıq havada, qidasız və yaşamaq üçün şəraitsiz yaşayırlar. 10 aydır davam edən blokadaya görə insanlar aclıqdan ölməkdə davam edir, səhiyyə sistemi iflic vəziyyətinə düşüb, xəstəxanalar işıqsız qalıb, ciddi dərman çatışmazlığı var.
Bütün bunların 100 il əvvəl deyil, bu gün, beynəlxalq ictimaiyyətin gözü qarşısında, XXI əsrdə baş verdiyinə inanmaq çətindir. Sosial şəbəkələrdə Dağlıq Qarabağdan olan çoxlu ermənilərin övladlarını və ya qohumlarını axtardığını görürük”.
ER XİN başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyət bütün bunlara kifayət qədər ciddi yanaşmayıb, amma indiki təcavüz 10 aydır davam edən blokada, Laçın dəhlizinin blokadasının kulminasiyasıdır.
“Sizdən bəziləri bəyanatlarınızda münaqişə tərəflərinə ümumi çağırışlar etməkdə davam edirsiniz. Bu yanaşmalar artıq aktual deyil və yersizdir, artıq münaqişə tərəfləri yoxdur - cinayətkarlar və qurbanlar var, münaqişə yoxdur, real cinayət təhlükəsi var. Biz bunun mümkün olduğuna inandığımız üçün buradayıq, çünki biz hələ də bəşəriyyətə, beynəlxalq hüquqa və minlərlə insanın həyatına təhlükə yarandığı təqdirdə Təhlükəsizlik Şurasının qəti addımlar atmaq qabiliyyətinə inanırıq”, - deyə Mirzoyan bildirib.