Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi Laçın dəhlizi və Ağdam yolu ilə Dağlıq Qarabağa humanitar yardım çatdırıb.
BQXK-nın məlimatında bildirilir ki, ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılması təmin edilib.
“Humanitar yardıma ehtiyacı olan şəxslərin yaxın günlərdə bu dəstəyi alacaqları bizi çox rahatladır”,- deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer qeyd edib.
“Səhiyyə qurumlarının tibbi ləvazimatlara ehtiyacı var. İnsanlar çörək ala bilmək üçün saatlarla növbəyə dururlar. Onların təcili olaraq mütəmadi humanitar yardımlar almağa ehtiyacı var. Bu razılaşma bizim komandalara həyat xilas edən işimizi davam etdirmək imkanı yaradıb.
BQXK son həftələr ərzində qərar verən səlahiyyətli şəxslərlə əraziyə müxtəlif yollarla, o cümlədən Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılması istiqamətində danışıqlar aparmaqda idi. Bu günkü əməliyyatda eyni anda iki yük maşını Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılmasını həyata keçirib.
Mən ümid edirəm ki, bu razılaşma bizim müstəsna humanitar əməliyyatlarımızın yalnız bu gün deyil, önümüzdəki həftələr ərzində də həyata keçirilməsinə şərait yaradacaq və beləcə ehtiyacı olanlara mütəmadi yardım çatdırılacaq”,- Bauer dedi.