Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Dağlıq Qarabağa humanitar yardımını şərh edib.
Müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib.
Zaxarova qeyd edib ki, Rusiya XİN başçısı Sergey Lavrovun 25 iyulda Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüş zamanı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Laçın və Ağdamın yollarının paralel açılması sxemi bu işdə maraqlı olan bütün tərəflərlə birgə işlənib hazırlanıb:
“Mövqelərin əhəmiyyətli dərəcədə fərqli olduğunu və qarşılıqlı etimadsızlığın yüksək olduğunu nəzərə alsaq, bu işin irəliləməsi asan olmadı. İlk addım olaraq 12 sentyabrda ümumrusiya ictimai təşkilatı “Rusiya Qırmızı Xaç Cəmiyyəti”nin xətti ilə bölgəyə humanitar yardım partiyası çatdırılıb”.
Onun sözlərinə görə, Dağlıq Qarabağın erməni sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib.
“Əvvəllər əldə edilmiş anlaşma nəzərə alınmaqla, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın dəhlizinin də açılacağını və bundan sonra humanitar yardımın hər iki istiqamətdə müntəzəm olaraq maneəsiz şəkildə regiona gedəcəyini gözləyirik.
Ümid edirik ki, bu yolla Dağlıq Qarabağda humanitar vəziyyət sabitləşəcək və yerli əhalinin normal fəaliyyəti bərpa olunacaq.
Bu, öz növbəsində, Bakı ilə Stepanakert arasında dialoqun başlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair 2020-2022-ci illər üçün ən yüksək səviyyədə imzalanmış üçtərəfli sazişlərin bütün kompleks tədbirlərinin həyata keçirilməsi üzrə dinamik işin bərpasına şərait yaradacaq”, – XİN rəsmisi əlavə edib.