Böyük Britaniyada Əliyev ailəsi və onlara yaxın şəxslər 200 milyon funt sterlinq dəyərində mülkə sahibdirlər. Bu barədə AzadlıqRadiosu "
The Times"-a istinadla yazır.
Qeyd olunur ki, barəsində elan yerləşdirilən Park-leyndəki penthausun aylıq kirayə haqqı 16 min funt sterlinqdir və reyestr bazasına daxil olan minlərlə məlumatın analizinə əsasən, bu penthaus Leyla və Arzu Əliyevaların dəyəri 21 milyon funt olan London mülklərinə aiddir. Mənzil Londonun ən prestijli rayonlarından birində yerləşir, pəncərəsindən məşhur Hayd-parka mənzərə açılır.
Britaniyada şəffaflıq qaydaları dəyişənədək mülklərin sahibi ictimaiyyətə məlum deyildi.
"The Times" yazır ki, mülklərin hansısa qanunsuz əməllərlə bağlı olduğunu demək mümkün deyil. Amma qəzet onu da əlavə edir ki, ABŞ Dövlət Departamentinin hesabatlarında Azərbaycan hökumətində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir.
Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğlu Mir Camal Paşayev də Böyük Britaniyada doqquz mülkün benefisiarlarındandır, onların ümumi dəyəri 70 milyon funt sterlinqdir.
53-yaşlı Paşayev Azərbaycan investisiya qrupu olan "Pasha Holding"in sədr müavinidir. Sonuncu illik hesabata görə, onun törəmə banklarından biri olan "Paşa Bank"ın sahibləri arasında Leyla və Arzu Əliyevalarla yanaşı, M.C.Paşayev də var.
"The Times" yazır ki, şəffaflıq qaydalarına əsasən, Böyük Britaniyada mülk sahibi olan xarici şirkətlər sahiblərinin kimliyini açıqlamalıdırlar.
Xarici Qurumların Reyestri qanunu Britaniyada kimlərin ofşor şirkətlər vasitəsilə mülkə sahib olması barədə şəffaflığı artırmaq üçün yaradılıb və 2022-ci ilin avqustunda qüvvəyə minib.
Bundan öncə, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi araşdırmalarında Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlərin Londonda milyonlarla dollarlıq mülklərin sahib olduqlarını üzə çıxarmışdı.