Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ofisi Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq Qarabağdakı vəziyyət və Laçın dəhlizinin blokadası ilə bağlı bəyanat yayıb.
“Prezident Mişel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqində fəal iştirakını davam etdirib. Son həftələrdə onun səyləri Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dəstəyi ilə Qarabağ ermənilərinin humanitar vəziyyətinin həllinə yönəldilib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Klaar və prezident Mişelin komandası girişin bağlanmasına dair həll variantının hazırlanması üçün Bakı, Yerevan və Qarabağdakı ermənilərin nümayəndələri ilə yaxın təmasda olublar.
Hazırda yerdə humanitar vəziyyət sürətlə pisləşir. Yerli əhalinin ehtiyaclarını təmin etmək üçün addımların atılması zəruridir.
Avropa Şurasının prezidenti Şarl Mişel Laçın dəhlizinin tam istismarını, sonra isə Ağdam yolunun açılmasını təmin edəcək mərhələli yanaşma təklif edib.
Bu addımların ardıcıllığı və bu yollar vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müşayiətedici prosedurlar son müzakirələrin əsasını təşkil edib.
Aİ keçmiş razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmasına qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə də təcili və gündəlik əsas ehtiyaclarla bağlı təchizatın təmin edilməsi üçün konkret və davamlı həllin bir hissəsi ola bilər. Bu elementlər üzrə müzakirələr liderlərin 15 iyul 2023-cü ildə Brüsseldə keçirilən son görüşündən sonra başlayıb
Aİ həmçinin vurğulayıb ki, Bakı Qarabağ ermənilərinin Laçın dəhlizi ilə Ermənistana və geriyə hərəkəti prosedurlarına aydınlıq gətirməlidir.
Paralel olaraq, müzakirələr, həmçinin, Qarabağ ermənilərinin tezliklə elektrik enerjisi və qaz təchizatının bərpasına da yönəlib.
İndiki vəziyyətdən əlavə, Aİ tərəfi uzunmüddətli dayanıqlı həllə nail olmağı asanlaşdırmaq üçün münaqişənin irsinə baxmağın vacibliyini vurğulayıb.
Bu baxımdan Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında dialoq mühüm əhəmiyyət kəsb edəcək. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməli, konkret üsullarla bağlı müzakirələr mümkün qədər tez başlamalıdır.
Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyac var. Bu məqsədlə Aİ bu prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsinin dəstəklənməsi üçün yerdə iştirak üçün müxtəlif təkliflər təqdim edib.
Yuxarıda göstərilən bütün səylərin yalnız bir məqsədi var: Bakı ilə Yerevan arasında münasibətlərin yerdəki bütün xalqların rifahı naminə birdəfəlik normallaşmasını təmin etmək. Bugünkü eskalasiya fonunda indi cəsarətli kompromis həllərin vaxtıdır.
Aİ bütün bu səylərdə digər beynəlxalq aktorlarla müntəzəm təmaslar və hazırkı qeyri-davamlı vəziyyətin ən yaxşı şəkildə həllinə dair fikir mübadilələri apararaq məşğul olub”.