“Ermənistan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” sazişin imzalanması təklifi hökumət tərəfindən bəyənilib.
Sazişin şərtləri tərəflər arasında əməkdaşlığın istiqamətlərini, xüsusən müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə yeni texnologiyaların və hərbi təyinatlı məhsulların tədqiqinin təşviqi, inkişaf və istehsal sahələrində əməkdaşlığı müəyyən edir.
Saziş silah, sursat və partlayıcı maddələrin istehsalı üçün texnologiya transferi və texniki yardım, sursat istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi təyinatlı mallar və onların istehsalı sahəsində tədqiqatların aparılması, birgə layihələrin yaradılması kimi mühüm əməkdaşlıq sahələrini əhatə edir.
Sazişin qiymətləndirilməsini, əməkdaşlığın gələcək inkişafı üçün tövsiyələrin və prioritetlərin təqdim edilməsini və onun iş qrafikinin təsdiqini həyata keçirməli olan Ermənistan-Yunanıstan komissiyasının yaradılması nəzərdə tutulur.