Avqustun 28-də Sloveniyada ER xarici işlər naziri Ararat Mirzoyan Koreya Respublikasının xarici işlər naziri Pak Çin ilə görüşüb.
ER XİN-dən verilən məlumata görə, həmsöhbətlər ikitərəfli gündəliyin genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib, mövcud potensialın daha səmərəli reallaşdırılması üçün addımlar atmağa hazır olduqlarını bildiriblər. Əməkdaşlığın perspektiv istiqamətləri kimi ticarət-iqtisadi, elm, təhsil, mədəniyyət, eləcə də innovasiya və yüksək texnologiyalar sektorları qeyd olunub. Bu kontekstdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə qurulan səmərəli əməkdaşlığın genişləndirilməsi vurğulanıb.
Görüş zamanı regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Mirzoyan həmkarına Azərbaycanın Laçın dəhlizinin 8 aydan artıq qeyri-qanuni blokadası nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhranın təfərrüatlarını təqdim edib.
Ermənistanın xarici işlər naziri vurğulayıb ki, Azərbaycan öz hərəkətləri ilə nəinki beynəlxalq humanitar və insan hüquqlarının fundamental müddəalarını kobud şəkildə pozur, eyni zamanda, Laçın dəhlizini bağlı saxlamaqla Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də və iyulun 6-da qəbul etdiyi qərarlara açıq hörmətsizlik nümayiş etdirir.
Ermənistan tərəfinin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyən Ararat Mirzoyan rəsmi Bakının Ermənistanın və beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərinə mane olduğunu vurğulayıb.