Ermənistanın Fransadakı səfirliyi xəbər verir ki, avqustun 31-də saat 21:10-da (Yerevan vaxtı ilə saat 23:10-da) Fransa dövlət televiziyasının efirində nüfuzlu Grand Echiquier proqramının Ermənistana həsr olunmuş xüsusi buraxılışı yayımlanacaq.
“Reportaj Fransanın ən məşhur tarixi abidələrindən biri olan Versal sarayında lentə alınıb.
Tanınmış telejurnalist Kler Şazal və məşhur fransız əsilli erməni musiqiçi, pianoçu Andre Manukyanın aparıcılıq edəcəyi bu eksklüziv gecə həm də Fransa ictimaiyyətini Azərbaycanın 2022-ci ilin dekabr ayından yerinə yetirdiyi blokada nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyət haqqında məlumatlandırmaq məqsədi daşıyır.
Ermənistana dəstəklərini ifadə etmək üçün “Grand Echiquier”in xüsusi buraxılışında tanınmış müğənnilər Patrik Fiori və Helen Seqara, komediya ustaları Matye Madenya, komediyaçı və aktyor Paskal Lejitimus, dramaturq və aktyor Simon Abgaryan, müğənni Patrik Bryuel, məşhur rejissor Robert Gedikyan və bir çox başqa mədəniyyət xadimləri iştirak edəcəklər.
Məşhur səyyah, yazıçı və filosof Silvain Teson və “Fiqaro” jurnalının direktor müavini Jan-Kristof Byuison buraxılışın xüsusi qonaqları arasında olacaq və onlar hazırda Ermənistan Respublikasının və Dağlıq Qarabağın üzləşdiyi problemləri fransız tamaşaçılarına təqdim edəcəklər.
Nikolas Aznavurun iştirakı ilə dünya şöhrətli Şarl Aznavura onun “Ave Maria” və “Ils sont tombés” əsərlərinin ifaları vasitəsilə də ehtiram göstəriləcək”, - deyə səfirliyin “Facebook” səhifəsində qeyd edilir.