Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “Twitter” mikrobloqunda Azərbaycanın Dağlıq Qarabağa qarşı hərəkətlərinə və beynəlxalq ictimaiyyətin reaksiyasına toxunub.
“Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağın Saruşen icmasının yeganə buğda sahəsini atəş altında saxlayır, sakinləri çörək yemək imkanından məhrum edir.
Yəni, Azərbaycan bir tərəfdən Ermənistandan Dağlıq Qarabağa humanitar yüklərin, un və digər prioritet ərzaq məhsullarının çatdırılmasına icazə vermir, digər tərəfdən dinc kənd sakinlərini atəşə tutaraq onların yetişdirdiyi buğdanı yığmağa və çörək bişirməyə imkan vermir.
Bu problemin humanitar tərəfi Azərbaycanın etnik təmizləmə siyasətidir və əsas problem ondan ibarətdir ki, Azərbaycan dinc insanları əsrlər boyu yaşadıqları vətənlərindən qovmaq üçün bütün vasitələrdən istifadə edir.
Görünür, beynəlxalq ictimaiyyət demək istəyir ki, nə Dağlıq Qarabağda yaşayan insanların çörək bişirmək üçün tarlalardan buğda yığa bilməsini, nə də 3 həftədir Laçın dəhlizində dayanan yük maşınlarındakı unun 120 min insana çatdırılmasını təmin edə bilmir”, - deyə Marukyan yazıb.