Rusiyaya dost olmayan ölkələr Aİİ və KTMT tərəfdaşlarına böyük təzyiq göstərirlər. Bunu “Международная жизнь” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Qeyri-qanuni anti-Rusiya sanksiyalarının qarşısının alınması ilə bağlı məsləhətləşmələr aparmaq üçün Qərb paytaxtlarından yüksək rütbəli məmurların səfərləri mütəmadi xarakter alıb”, - Lavrov qeyd edib. O, həmçinin əlavə edib ki, Qərb Rusiyanın müttəfiqlərini Moskva ilə əməkdaşlıqdan imtina etməyə məcbur etməyə çalışır.
Eyni zamanda, Rusiya Federasiyasının baş diplomatı vurğulayıb ki, mövcud ticari-iqtisadi qarşılıqlı öhdəliklər yerinə yetirilməkdə davam edir, “çünki onlar tərəflərin maraqlarından irəli gəlir və beynəlxalq hüququ pozmurlar”.
Lavrov KTMT-yə də toxunub və qeyd edib ki, Qərbin təşkilata üzv olan ölkələrə marağı artıb. “Biz əminik ki, müttəfiqlərimiz Qərbin son zamanlar öz ölkələrinə diqqətinin artmasına tənqidi yanaşır və onların hərbi-siyasi gərginliyi gücləndirməyə yönəlmiş proqramlara cəlb olunmasına imkan verməyəcəklər”, - deyə Rusiya XİN rəhbəri bildirib.