BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransanın nümayəndəsi Natali Broadherst BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında bildirib ki, Azərbaycan tərəfindən heç bir hüquqi əsas olmadan Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin bağlanması ilə Dağlıq Qarabağ əhalisi dünyanın qalan hissəsindən təcrid edilib.
"Fransa humanitar vəziyyətin ağırlığını nəzərə alaraq, hər iki istiqamətdə yüklərin, insanların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin qeyd-şərtsiz və dərhal bərpa edilməsinə və əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təmin edilməsinə çağırır", - o qeyd edib.
Fransa regionda davamlı və ədalətli sülhün gündəminə tam sadiqdir: “Bununla əlaqədar Fransa bütün həll olunmamış məsələlərin, o cümlədən Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizlik məsələlərinin həllinə yönəlmiş danışıqları bərpa etməyə çağırır. Belə bir həll yalnız dialoq yolu ilə mümkündür, hər hansı güc tətbiqi və ya güc təhdidi istisna olunmalıdır. Aİ ilə yanaşı, Fransa Ermənistan və Azərbaycan arasında dialoq səylərini dəstəkləməyə davam edəcək”, - deyə Natali Broadherst bildirib.