“Biz narahatıq ki, Laçın dəhlizinin blokadası davam edir və indi Dağlıq Qarabağla bağlı gərginliyi azaltmaq, Laçın dəhlizinin blokadasına son qoymaq və digər humanitar yollardan istifadə etmək üçün yerlərdə hər zamankindən daha çox fəaliyyətə ehtiyac var. Rusiya hər iki tərəfin dəstəyi ilə bu böhranı tez bir zamanda həll etmək üçün hər cür səy göstərir”
Bunu BMT TŞ-nin iclasında çıxış edən Rusiya daimi nümayəndəsinin müavini Dmitri Polyanski deyib.
“Biz regionda humanitar fəlakətin qarşısını almaq üçün bütün səviyyələrdə mümkün olan hər şeyi edirik. Biz Dağlıq Qarabağa ərzaq və digər zəruri məhsulların, o cümlədən qaz və elektrik enerjisinin dayanıqlı tədarükünü dərhal bərpa etmək üçün iştirak edən bütün tərəflərlə intensiv əlaqələri davam etdiririk.
Üçtərəfli sazişlərin müddəalarında nəqliyyat kommunikasiyalarının bərpası üçün Rusiyanın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası çox vacibdir”,-deyə o qeyd etdi.
Polyanski bildirib ki, iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar zamanı RF gərginliyin azaldılması üçün real kompromis həll yollarını təklif etdi və bu, tərəflər tərəfindən nəzərə alındı.
“Söhbət mülki malların daşınması üçün Ağdam və Laçın vasitəsilə paralel dəhlizlərin açılmasından gedir. Bu, rəsmi Bakının səlahiyyətli nümayəndələri ilə Dağlıq Qarabağın əhalisi arasında tez bir zamanda birbaşa dialoqun başlanması üçün lazımi ilkin şərtlər yaradacaq”.
O qeyd edib ki, Moskva Dağlıq Qarabağ ətrafında vəziyyətin normallaşdırılmasında və ümumilikdə Ermənistan-Azərbaycan barışığında maraqlı olan bütün məsuliyyətli oyunçularla işləməyə hazırdır: “Ümid edirik ki, prosesin bütün tərəfləri Dağlıq Qarabağın on minlərlə sakininin acınacaqlı vəziyyətini yaxşılaşdırmaq naminə fikir ayrılığına üstün gəlmək üçün özlərində siyasi iradə tapacaqlar”.