ABŞ Dağlıq Qarabağdakı humanitar vəziyyətdən narahatdır. Laçın dəhlizinin bağlı olması bizi çox narahat edir, zəruri malların tədarükü kəsilib və humanitar vəziyyət pisləşib. Bu sözləri BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Biz Azərbaycan hökumətini Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırırıq, kommersiya humanitar və şəxsi nəqliyyat vasitələri Dağlıq Qarabağ əhalisinə çata bilməlidir. Biz humanitar yardımların çatdırılması üçün digər əlavə yollar məsələsində də güzəştə getməyin mümkün olduğunu nəzərdən keçirirk”,-deyə o qeyd etdi.
ABŞ nümayəndəsinin sözlərinə görə, tərəflər münaqişənin sülh yolu ilə həllinə yönəlmiş danışıqları davam etdirməlidir: “Ermənistanla Azərbaycan arasında münasibətləri normallaşdırmaq lazımdır”, - deyə Linda Tomas-Qrinfild bildirib.
ABŞ təmkinli olmağa və sülh prosesinə xələl gətirən bütün hərəkətlərə dərhal son qoymağa çağırır: “Biz bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə tam hörmətlə yanaşmağa çağırırıq. Biz Ermənistan və Azərbaycana münaqişənin sülh yolu ilə həlli istiqamətində dialoqu davam etdirməyə imkan verəcək istənilən formatı dəstəkləyirik", - o deyib.