Avqustun 15-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.
Nazir Mirzoyan fransalı həmkarına Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağda daha da dərinləşən humanitar böhranın təfərrüatlarını təqdim edib və bunun beynəlxalq ictimaiyyətin gözü qarşısında əsl humanitar fəlakətə çevrilə biləcəyini vurğulayıb.
Ararat Mirzoyan Dağlıq Qarabağın 120 min əhalisi və xüsusilə həssas qruplar üçün yaradılmış ağır şəraiti, o cümlədən kəskin ərzaq və dərman çatışmazlığını təqdim edib. Dağlıq Qarabağa girişi olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın dəhlizi ilə tam və fasiləsiz fəaliyyətinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Nazir Mirzoyan BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması üçün Ermənistanın təqdim etdiyi ərizəyə toxunub. Nazir Mirzoyan qeyd edib ki, Azərbaycan beynəlxalq tərəfdaşların və strukturların ünvanladığı çoxsaylı mesajları yerinə yetirmir və Laçın dəhlizini 8 ay blokadada saxlamaqla nəinki 2020-ci il 9 noyabr taixli bəyanatı, eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarını da pozur. Ararat Mirzoyan Dağlıq Qarabağda humanitar vəziyyətin davamlı olaraq dərinləşməsinin Ermənistanın və beynəlxalq ictimaiyyətin regionda sabit sülhün bərqərar edilməsinə yönəlmiş səylərini təhlükə altına sala biləcəyini vurğulayaraq, mövcud mexanizmlərdən səmərəli istifadə edilməsinin və Laçın dəhlizinin açılması üçün aydın addımların atılmasının vacibliyini vurğulayıb.