BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Ərzaq təhlükəsizliyinin təmin edilməsi və münaqişə vəziyyətlərində aclığın aradan qaldırılması” mövzusunda açıq müzakirəsi keçirilib.
Müzakirələr zamanı Ermənistan xarici işlər nazirinin müavini Vahe Qevorgyan Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni blokadaya alınmasını və bunun nəticəsində Dağlıq Qarabağda yaranmış ağır humanitar vəziyyəti təqdim edib.
O qeyd edib ki, tarix boyu aclıqdan müharibə və soyqırım vasitəsi kimi dəfələrlə istifadə olunub:
"Şuranın diqqətini indi mövcud olan vəziyyətə cəlb etmək istərdim ki, insanlar bilmirlər ki, körpələr üçün süni süd, uşaqlara bir tikə çörək, ya da ağır xəstə qohumları üçün dərman tapa biləcəklərmi. Biz müzakirə etdiyimiz müddətdə Azərbaycan tərəfindən tam blokadaya alındığından Dağlıq Qarabağ xalqının mövcudluğu təhlükə altındadır. Yeddi aydan artıqdır ki, Azərbaycan Dağlıq Qarabağı xarici dünya ilə birləşdirən humanitar həyat yolu olan Laçın dəhlizini bağlayıb".
O əlavə edib ki, Azərbaycanın bu il iyunun 15-dən bütün humanitar malların daşınmasının qadağası ərzaq, tibbi ləvazimat və digər zəruri malların kəskin çatışmazlığı ilə nəticələnib və humanitar böhran yaradıb. Bundan əlavə, Azərbaycan kənd təsərrüfatı işləri ilə məşğul olan mülki şəxsləri hədəfə almaqda davam edir və bu, onun əhalini aclıqdan öldürmək niyyətini təsdiqləyir.
"Dağlıq Qarabağda humanitar vəziyyət və artan aclıq riski Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının tam və qeyd-şərtsiz icrasını, habelə beynəlxalq insan hüquqlarına və beynəlxalq hüquq normalarına tam hörməti təmin etmək üçün beynəlxalq ictimaiyyətdən təsirli və aydın reaksiya tələb edir",-deyə o vurğuladı.