Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində tam maraqlı olub və olmaqda davam edir. Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nikol Paşinyanın Rusiyanın Ermənistan-Azərbaycan prosesi çərçivəsində danışıqlarda fəallığının “Ukraynadakı hadisələrə görə azaldığı” barədə bəyanatını şərh edərkən deyib.
Zaxarova qeyd edib ki, Moskva Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün hər şeyi edir. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır.
Rusiyalı diplomatın sözlərinə görə, bu ilin 25 mayında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü, 2 iyunda Baş nazirlərin müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun 12-ci iclası keçirilib, həmçinin 3 ölkənin XİN rəhbərləri 19 may və 25 iyul tarixlərində üçtərəfli danışıqlar aparıb: “Bütün bunlar fəallığın azalmasıdır? Həqiqətləri olduğu kimi qəbul etmək lazımdır və bu Yerevanla Bakı arasında əldə olunmuş razılaşmanın ardıcıl şəkildə həyata keçirilməsi barədədir. Biz razılaşmanın həyata keçirilməsi üçün tərəflərə hər cür kömək etməyə hazırıq”.