İyulun 31-də “Azərbaycan siyasi məhbuslarına azadlıq” İttifaqı 204 nəfərin daxil olduğu yenilənmiş siyahı dərc edib.
İnsan haqları strukturunun əvvəlki siyahısı aprelin 20-də açıqlanıb və bu siyahıya 182 nəfər daxil edilib.
12 nəfər isə onu tərk edib, bəziləri may ayının əfv fərmanına düşüb və ya cəza müddəti bitdikdən sonra azadlığa çıxıb. Eyni zamanda siyahıya 34 yeni ad əlavə olunub.
Onların arasında müxalif siyasətçi və iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu, sabiq deputat, ictimai xadim və iş adamı Nazim Bəydəmirli, AXCP üzvü Elxan Əliyev də var. Siyahıda yer alan yeni simaların qalanları aprel-iyul aylarında narkotik alveri ittihamı ilə həbs edilən dindarlardır. Dindar siyasi məhbusların ümumi sayı 147 nəfərə çatıb.
204 siyasi məhbus 7 qrupa bölünür. Birinci “jurnalist və bloqer” (5 nəfər), “Müxalif partiya və hərəkatların üzvləri” qrupunda 7 nəfər, “Almaniyadan deportasiya edilən siyasi mühacirlər” qrupunda 5 nəfər var. Dindarlar qrupunda artıq 147 var. Tərtər işi üzrə 7, Gəncə işi üzrə 22 nəfər siyahıda qalıb. Daha 11 siyasi məhbus ömürlük həbs cəzasını çəkir.