Hazırda Kornidzor sərhəd hissəsinə göndərilən 400 ton ağırlığında humanitar yüklər arasında 200-ə yaxın adda dərman və digər tibbi ləvazimatlar var. Bu barədə Səhiyyə nazirinin müavini Armen Nazaryan “Lureri”nin müxbiri ilə söhbəti zamanı deyib.
“Nəzərə alsaq ki, DQ-ın dərman təminatı uzun müddətdir kəsilib, xroniki xəstələrimiz var. Biz bu humanitar yardımla həmin xroniki xəstələri prioritet dərmanlarla təmin etməyə çalışırıq”, - Nazaryan bildirib.
Onun sözlərinə görə, bununla hazırda Dağlıq Qarabağda mövcud olan humanitar səhiyyə böhranı həll olunmayacaq.
“Bizim xəstəxanalarda onlarla xəstə var ki, onları Yerevandakı dar ixtisaslaşdırılmış klinikalara köçürmək lazımdır. Təcili tibbi yardım maşınları ilə bağlı problemimiz var, çünki yanacaq olmadığı üçüntəcili tibbi yardım maşınları işləməməyə başlayıb. Bir sözlə, bizdə total səhiyyə böhranı var, onu nəyin bahasına olursa-olsun həll etməyə çalışmalıyıq və bu dərmanın tədarükü DQ-da sağlamlıq yükünü müəyyən qədər yüngülləşdirəcək”.
Dağlıq Qarabağda səhhətində problem olanlara gəlincə, Armen Nazaryan deyib ki, onların arasında azyaşlı uşaqlar, qocalar, xroniki xəstələr var ki, onlar dar ixtisaslaşdırılmış klinikalarda müntəzəm tibbi yardım almalı idilər. Söhbət şiş xəstəliklərindən gedir.
Ermənistanda müalicə alan və artıq Dağlıq Qarabağa qayıtmalı olan vətəndaşların köçürülməsi ilə bağlı da problem var. Qalan xəstələrin müvafiq müalicəsi davam etdirilir.
Onun sözlərincə, BQXK xroniki xəstəlikləri olanlarla bağlı fəal olmalıdır. “Biz əminik ki, Qırmızı Xaç onların Yerevan klinikalarına daşınmasında daha aktivləşdiməlidir”.