Dünyada beynəlxalq və geosiyasi vəziyyət gərgin və qeyri-sabit olmaqda davam edir. Regionumuzun sabitliyinin əsas amillərindən biri hesab edilən dünya nizamı əslində mövcud deyil. ER baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransına məhz bu vurğu ilə başlayıb.
“Yeni dünya nizamının necə olacağını heç kim bilmir. Ermənistanın yeni dünya nizamının formalaşması prosesində təsiri qeyri-müəyyən və qeyri-maddidir, geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır”, - deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Ukrayna hadisələri ilə əlaqədar regionda geosiyasi təsirlər azalıb, ənənəvi Şərq-Qərb formulları artıq kifayət qədər işləmir.
“İndiki şəraitdə regional qeyri-qarşıdurma siyasətinin inkişafı və həyata keçirilməsi, regional gələcəyin memarlığında ER-nin yeri və rolunun aydınlaşdırılması bizim üçün həyati əhəmiyyət kəsb edir. Ermənistanla həmsərhəd olan ölkələrin heç birinin digəri ilə qarşıdurma münasibətləri yoxdur və ən kəskin məsələlərin belə həllinin düsturu əməkdaşlıq siyasəti hesab olunur ki, bu da maraqların tarazlaşdırılması nəticəsində daha da səmərəli olur.
Bu baxımdan, İran İslam Respublikası və Gürcüstanla münasibətlərimizin normal şəkildə inkişaf etdiyini və bundan sonra da inkişaf etməli olduğunu başa düşməklə yanaşı Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin tənzimlənməsi zərurətdir”, - deyə Paşinyan bildirib.