İranın ali dini lideri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İranın “Tasnim” jurnalında dərc olunan geniş məqaləsində mövcud geosiyasi vəziyyətə, eləcə də onun Cənubi Qafqaz regionuna təsirinə toxunub.
O, NATO, Türkiyə və Azərbaycanın bölgədəki son addımlarına toxunaraq qeyd edib ki, əvvəllər özünü Rusiyaya yaxın kimi təqdim edən Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı razılığa gəlməklə, eləcə də “Azov” alayının komandirlərini Ukraynaya qayıtmaqla siyasətini dəyişir.
Vilayəti regionda kommunikasiyaların açılması kontekstində Azərbaycan və Naxicevan arasında Ermənistan ərazisindən kommunikasiyanın təmin edilməsinə də toxunub.
“Çoxları deyir ki, Azərbaycanla Naxicevan arasında münasibətlər asanlaşarsa, qonşuların Ermənistan ərazisinin böyük bir hissəsini işğal etməsinə ehtiyac qalmayacaq. Qaz, elektrik enerjisi, tranzit marşrutu və s. kimi bütün obyektlərə Ermənistanın suverenliyini pozmadan asanlıqla daxil olmaq olar”, - deyə Vilayəti yazıb.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu yolun zəruriliyində israrla idddia edərək aşağıdakı məqsədləri güdürlər: Ermənistanı iki yerə bölmək, İranla Ermənistan arasında hələ Əhəmənilər və Parfiya imperiyaları dövründən qalmış əlaqələri kəsmək. Vilayətinin fikrincə, bu, İranın xarici dünya ilə əlaqəsini məhdudlaşdıracaq, Şimali Qafqaz, Rusiya və Avropa ilə əlaqəni kəsəcək.
“Regional sərhədlərdə istənilən dəyişiklik uzunmüddətli gərginliyə səbəb olacaq”, - deyə o əlavə edib.