Dağlıq Qarabağda atəşkəs rejiminin tez-tez pozulması və Laçın dəhlizinin davamlı olaraq blokadaya alınması ilə bağlı hədsiz narahatlığımızı bildiririk. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
O qeyd edib ki, mövcud məlumatlara görə, regionda humanitar vəziyyət pisləşir və Dağlıq Qarabağ ərzaqsı, dərmansız qala bilər.
“Bu, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına uyğun gəlmir. Biz Bakı və Yerevanı bütün problemləri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq. Biz Azərbaycan tərəfini Laçın dəhlizinin blokunu açmağa, vətəndaşların, nəqliyyat vasitələrinin və mülki məqsədlər üçün yüklərin maneəsiz hərəkətini təmin etməyə çağırırıq”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Zaxarova əlavə edib ki, gələcəkdə Rusiya sülhməramlılarının hərəkətləri yerlərdə vəziyyətin inkişafına əsaslanacaq və üçtərəfli sazişlərin müddəalarına əsaslanacaq.