İyulun 3-də Yerevanda Ermənistan Respublikası və Hindistan Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
ER XİN-dən verilən məlumata görə, məsləhətləşmələr çərçivəsində ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Hindistan Xİ Nazirliyinin Xarici Siyasət Planlaşdırılması Departamentinin rəhbəri Sumit Setin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Siyasi məsləhətləşmələr zamanı tərəflər Ermənistan və Hindistanın xarici siyasətinin prioritetlərini və prioritet məsələlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli dostluq münasibətlərinin artan dinamikasını vurğulayıblar.
Beynəlxalq və regional təhlükəsizlik, eləcə də ikitərəfli iqtisadi, mədəni və təhsil əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda əməkdaşlıq, ölkələr arasında kommunikasiya kanallarının yaradılmasının təşviqi ilə bağlı məsələlərin geniş spektrinə toxunulub.
Nazir müavini Safaryan Hindistan tərəfinə Azərbaycanın son vaxtlar və bu günə kimi həyata keçirdiyi və Cənubi Qafqazda sabitliyə və sülhə təhlükə yaradan təcavüzkar hərəkətləri təqdim edib. Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranın tezliklə aradan qaldırılmasının vacibliyi vurğulanıb.