“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı tvitində Laçın dəhlizinin blokadasına toxunaraq, Azərbaycan hakimiyyətini “Dağlıq Qarabağın blokadasını” aradan qaldırmağa və “artan humanitar böhrana” son qoymağa çağırıb.
“Amnesty İnternational”-ın paylaşımında deyilir: “İyunun 15-də Azərbaycan Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizi ilə bütün növ nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.
Dağlıq Qarabağ 2022-ci ilin dekabrından mühasirədədir. Həmin vaxtdan Dağlıq Qarabağın sakinləri Rusiya sülhməramlı qüvvələrinin və BQXK humanitar yardımına ümid bəsləyirlər. Hazırda Azərbaycan hərbçiləri girişi bağlayıb və humanitar böhran dərinləşir.
İyunun 26-da BQXK-ə ağır xəstələrin təxliyəsini bərpa etməyə icazə verildi. Bununla belə, xəstəxanalarda dərman və tibbi ləvazimatların kəskin çatışmazlığı var. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın blokadasını aradan qaldırmalı və cərəyan edən humanitar böhrana son qoymalıdır”.