Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri Natali Luazo Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqovun tvitinə cavab verib.
Səfir Aİ missiyasının müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində olmasını bəyənməyib və mikrobloqunda Aİ nümayəndələrini snayperlərlə hədələyib.
“Azərbaycan istehsalı olan Istigal IST-14.5 snayper tüfəngi təxminən 3000 metr məsafədən atəş açır. Azərbaycanın dövlət sərhədindən uzaq durun...”,-deyə səfir yazıb.
Luazo həmin yazını Ermənistan-Azərbaycan sərhədində patrulluq edən avropalı müşahidəçilər üçün birbaşa təhlükə kimi qiymətləndirib. O, Twitter mikrobloqunda yazıb:
"Bu, Avropa Parlamentinin üzvlərinə təhdiddirmi?" Bunu doğrudan azərbaycanlı “diplomat” deyir? Azərbaycan diplomatiyası hansı səviyyəyə çatıb? Beynəlxalq Ədalət Məhkəməsinin qərarına hörmətsizlik etmək, 120 min insanı girov götürmək qürurlanacaq bir şey deyil… Biz sülhü və Dağlıq Qarabağ xalqına hörməti dəstəkləməyə davam edəcəyik”.