Azərbaycandakı Söyüdlü kəndində gərginlik davam edir. Kənd əhalisi yaxınlıqdakı qızıl mədənindən atılan tullantıların ətraf mühitə və insan sağlamlığına zərərli təsir göstərdiyini bildirir, Turan məlumat yayır.
İyunun 27-də kəndə 4 avtobusda xüsusi təyinatlı polis bölmələrinin əlavə qüvvələri gətirilib.
Yerli sakinlərin sözlərinə görə, polis istənilən yeni etiraz aksiyasının qarşısını zorla almaqla hədələyir. Sosial şəbəkələrdə yayılan videoda yaşlı qadın sakin bildirir ki, Bəhram adlı hansısa polis "qadınların cinsiyyət orqanlarına vurmaq" əmri verib ki, onlar sonradan bədənlərində zorakılıq izlərinə sübutları təqdim etməkdən utansınlar.
Söyüdlü üzrə yaradılmış hökumət komissiyasının sədri, ekologiya naziri Muxtar Babayev dünən yenidən kəndə gəlib.
Ancaq sakinlərə konkret heç bir şey deməyib. Onu deyib ki, qızıl yatağından tullantıların atıldığı torpaqdan, havadan və süni göldəki sudan götürülmüş analiz nümunələrinin nəticələri iyunun 28-də məlum olacaq.
Bakıda fəallar Söyüdlü sakinlərinin hüquqlarını müdafiə etmək üçün "Söyüdlü" işçi qrupu yaradıblar.
İyunun 22-dən kəndə giriş bağlanıb, jurnalistlər və fəallar oraya buraxılmır.
İyunun 20-də Söyüdlü sakinləri yaxınlıqdakı qızıl mədəni tərəfindən ətraf mühitin çirkləndiyini bildirərək etiraz aksiyası keçiriblər. Polis aksiyanı amansız şəkildə dağıdıb, 10 nəfər xəsarət alıb. Beş nəfər saxlanılıb və inzibati qaydada 20 sutka həbs edilib. Digər yaşlı bir sakin 1500 manat cərimələnib. Sonradan daha bir neçə nəfər saxlanılıb. Lakin hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat vermirlər.