Fransa son 48 saat ərzində Ermənistan-Azərbaycan sərhədinin müxtəlif ərazilərində baş verən silahlı insidentlərdən, o cümlədən Ermənistanın Yerasx qəsəbəsinin mülki əhalisinin hədəfə alınmasından narahatlığını bildirib. Paris təmkinli olmağa, gərginliyi azaltmağa və mülki şəxslərin müdafiəsinə çağırıb.
“Biz BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizində nəqliyyatın hərəkətinin bərpası ilə bağlı qərarının icrasına çağırırıq. Fransa regionun bütün əhalisinin rifahı naminə sülhün bərpasına töhfə verməyə hazırdır”, - deyə bəyanatda bildirilir.
Xarici İşlər Nazirliyi xatırladıb ki, iyunun 1-də Kişinyovda Fransa prezidenti, Almaniya kansleri və Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri arasında danışıqların növbəti raundu keçirilib. "Görüşdə tərəflər yalnız danışıqlar yolu ilə həll oluna bilən müzakirə olunan bir sıra məsələlər istiqamətində irəliləməyə hazır olduqlarını bildiriblər", - deyə qeyd edilir.
Departament əlavə edib ki, aprel ayında xarici işlər naziri Katrin Kolonna tərəflər arasında mümkün sülh sazişinin bağlanmasını asanlaşdırmaq üçün Ermənistan və Azərbaycana səfər edib. "Bu səylər Avropa İttifaqı və ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir", - deyə Fransa Xarici İşlər Nazirliyi yekunlaşdırıb.