3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Yan Liddell-Qreyncer və Liz Kristoffersen səfərin yekunu ilə bağlı bəyanat yayıb.
Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinə sadiqliyi, ölkədə demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətini dəyərləndirən həmməruzəçilər hökumətin bu istiqamətdə bəzi addımlar atmasına baxmayaraq, ciddi narahatlıq doğuran məsələlərin qaldığını vurğulayıb.
Bəyanatda xüsusən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıq ifadə edilib.
"Biz ifadə azadlığına qoyulan məhdudiyyətlərdən, xüsusən də bir sıra qeydiyyat tələbləri qoyan "Media haqqında" yeni qanunun medianın, jurnalistlərin və blogerlərin vəziyyətinə təsirindən narahatıq. Medianın "ictimai nəzarətçi" rolunu yerinə yetirməyə davam edə bilməsi üçün hakimiyyəti gecikmədən Venesiya Komissiyasının rəyinə uyğun olaraq qanuna düzəliş etməyə çağırırıq" , bəyanatda vurğulanır.
Birləşmə və toplaşma azadlığına qarşı məhdudiyyətlərin davam etməsindən narahatlıq ifadə edən həmməruzəçilər vətəndaş cəmiyyətinin olduqca məhdudlaşdırıcı mühitdə fəaliyyət göstərdiyini qeyd edib.
Həmməruzəçilər, həmçinin siyasi motivli həbslərlə bağlı narahatlıqların qaldığını bildirib. AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı 2020-ci ildə qəbul etdiyi qətnaməsini və Avropa İnsan Hüquqları Məhkəməsinin müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və tənqidçi jurnalistlərin siyasi motivli həbsi ilə bağlı çıxardığı qərarları xatırladan həmməruzəçilər bu məsələni yaxından izlədiklərini bildiriblər. Bəyanatda Azərbaycan hakimiyyətinə AİHM qərarlarını tam və təcili şəkildə icra etməklə bağlı yenidən çağırış edilib.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan həmməruzəçilər iki ölkə arasında sülh sazişi istiqamətində son irəliləyişləri alqışlayaraq hər iki tərəfi danışıqları intensivləşdirməyə çağırıb. "Laçın dəhlizindəki vəziyyətə gəlincə, biz əvvəlki bəyanatlara, Avropa İnsan Hüquqları Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarına və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına uyğun olaraq hərəkət azadlığının təmin edilməsinin zəruriliyini vurğulayırıq", həmməruzəçilər əlavə edib.