Biz DQ xalqından onların gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. ER xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentdə büdcənin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı müxalifətçi deputat Artur Xaçatryanın sualını cavablandırarkən deyib.
"Biz belə bir ambisiya təqdim etmirik və belə bir şey etməyə çalışmırıq", - deyə nazir əlavə edib:
“Biz hesab edirik ki, əgər Dağlıq Qarabağ xalqının olduğu bir platforma, dialoq mexanizmi yaradılmasa, Qarabağ və rəsmi Bakı arasında dialoq olmasa, Dağlıq Qarabağ xalqı üçün, onların gələcəyi üçün maraq kəsb edən və vacib olan bütün məsələlər üzrə danışıqlar olmasa, bu nizamlanma real ola bilməz, tam ola bilməz, uzunmüddətli, davamlı, sabit ola bilməz. Bir daha deyirəm, biz status və ya başqa bir şeylə bağlı danışıqlar aparmırıq”, - Mirzoyan bildirib.
O qeyd edib ki, dünyada heç kim inkar edə bilməz ki, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqları ilə bağlı çoxlu açıq məsələlər var. “O məsələləri biz yox, DQ xalqı, DQ-nin seçilmiş orqanları, səlahiyyətli qurumları müzakirə edib həll etməlidir”,-deyə nazir əlavə etdi.