Azərbaycan müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Pakistana səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Asim Munir ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Munir Pakistanın Azərbaycanla hərbi əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. O, hərbi əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
“Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.