Mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar aparılıb.
Bu barədə ER XİN-dən məlumat verilib.
Bildirilib ki, Ararat Mirzoyan və Ceyhun Bayramov Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər.
Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.
Nazirlər Ermənistan və Azərbaycan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Nazirlər həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da ayrıca görüşlər keçiriblər.