Artsax Xarici İşlər Nazirliyi Avropa Şurasının prezidentinin Brüsseldə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq verdiyi bəyanatlarla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşün yekunları ilə bağlı mətbuata açıqlama verib.
Bəyanatın həm ümumi məzmunu, həm də onun ayrı-ayrı müddəaları göstərir ki, Avropa İttifaqı rəhbərliyi, Aİ-nin demokratiya və insan hüquqları dəyərlərinə zidd olaraq, Artsax xalqının qanuni hüquq və mənafelərinə məhəl qoymamaqda davam edir və yalnız regionda öz geosiyasi və qısamüddətli maraqlarını rəhbər tutur.
Bunun sübutu isə, bu bəyanatda 5 aydan artıqdır davam edən Laçın dəhlizinin blokadasından, dəhlizin girişində Azərbaycan tərəfindən qeyri-qanuni nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasından, Artsaxın 120 000 əhalisnin faktiki olaraq mühasirəyə alınmasından və bunun nəticələrindən bəhs edilməməsidir.
Bu fakt onu göstərir ki, Avropa Şurasının prezidenti nəinki bütün bunlara mane olmur, əksinə, faktiki olaraq Azərbaycanı Artsax xalqının əziyyətlərindən siyasi alət kimi istifadə etməyə təşviq edir. Lakin Azərbaycanın Artsaxda humanitar fəlakət törətmək və etnik təmizləmə aparmaq niyyətləri və görünən hərəkətləri Avropa Şurasının prezidentini narahat etmirsə də, biz gözləyirik ki, onun təmsil etdiyi qurum Azərbaycan tərəfindən müasir beynəlxalq hüquq nizamının sütunlarından biri olan Avropa İnsan Hüquqları Məhkəməsinin və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinin qərarlarının həyata keçirilməsində birbaşa maraq göstərəcəkdir.
Bu baxımdan, Avropa İttifaqı Şurasının prezidentinin Azərbaycanın BMT-nin ali məhkəmə orqanının qanuni qüvvəyə malik qərarını ardıcıl olaraq icra etməməsinə, o cümlədən beynəlxalq hüquq normalarının sistematik şəkildə pozulmasına, güc tətbiqi və ya güc tətbiq etmə hədələrinə açıq şəkildə məhəl qoymaması təəccüblüdür.
Yalnız Azərbaycan tərəfindən 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərin və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral qərarının dərhal və tam icrasının təmin etməsinə doğru beynəlxalq ictimaiyyətin praktik addımları sübut edə bilər ki, vasitəçi kimi çıxış edənlər regionda uzunmüddətli sülh və sabitlikdə səmimi maraqlıdırlar.
Əminik ki, öz hərəkətləri və ya hərəkətsizliyi ilə Bakını aqressiv, ekspansionist siyasətə və beynəlxalq miqyasda qeyri-qanuni hərəkətlərə sövq edən beynəlxalq aktorlar nəinki onların ağır nəticələrinə görə məsuliyyət daşıyırlar, həm də bu cür siyasətin və qanun pozuntularının dünyanın digər hissələrində təkrarlanmasına haqq qazandırırlar.
Bir daha xatırladırıq ki, 1991-ci ildə Artsax xalqı beynəlxalq hüquq normalarına və o dövrdə qüvvədə olan milli qanunvericiliyə tam uyğun olaraq, öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququndan istifadə etdi və öz dövlətçiliyini yaratdı.
Artsax hakimiyyəti ardıcıl olaraq öz xalqının qanuni seçimini və azad ifadəsini müdafiə edəcək və müdafiə etməyə davam edəcək. Ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların heç bir nümayəndəsinin Artsax xalqının taleyini idarə etmək hüququ yoxdur.
Üstəlik, Artsax xalqına qeyri-qanuni güc tətbiqi və davam edən terrorun leqallaşdırılmasına əsaslanan hər hansı bir gündəm tətbiq etmək cəhdi Artsaxın etnik təmizlənməsinə və regionda gərginliyin daimi mənbəsini saxlamağa yönəlmiş cinayət planlarının həyata keçirilməsinə şərik olmaq deməkdir.
Bununla əlaqədar olaraq, biz Artsax Respublikasının xalqının və hakimiyyətinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ayrılmaz hüquqları uğrunda mübarizəni davam etdirmək əzmini bir daha təsdiq edirik.
Biz əminik ki, yalnız Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması münaqişənin sabit həlli və regionda uzunmüddətli və ədalətli sülh və sabitliyin bərqərar olması üçün əsas ola bilər. Eyni zamanda, xatırladırıq ki, Artsax Respublikasının hakimiyyəti həmişə Azərbaycan-Qarabağ münaqişəsinin danışıqlar yolu ilə hərtərəfli həllinə tərəfdar olub.
Artsax Respublikası tərəflərin bərabərliyinə əsaslanan və öhdəliklərinin yerinə yetirilməsi üçün güclü beynəlxalq təminatların mövcudluğu ilə razılaşdırılmış və beynəlxalq səviyyədə tanınmış danışıqlar formatında münaqişənin bütün komponentlərinin müzakirəsinə və sülh yolu ilə həllinə yönəlmiş ağlabatan təkliflərə açıq qalır”.