Mayın 11-də Ermənistanın ATƏT-dəki missiyasının təşəbbüsü ilə “Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı növbəti təxribat və təcavüzkar hərəkətləri” adlı cari məsələ ATƏT Daimi Şurasının sessiyasının gündəliyinə daxil olunub. Bu barədə ER XİN məlumat yayıb.
ER missiyasının rəhbəri, səfir Armen Papikyan bildirib ki, mayın 11-də səhər tezdən Azərbaycan silahlı qüvvələri artileriya və minaatanlardan istifadə etməklə Ermənistan Respublikasının suveren ərazisi istiqamətində atəş açıblar.
ER missiyasının rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfindən güc tətbiq etməsi beynəlxalq tərəfdaşların Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün göstərdiyi səyləri tamamilə pozmaq məqsədi daşıyır. Bununla Azərbaycan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün Vaşinqtonda keçirilən görüşün nəticələrini ləğv etmək istəyir. Bu qeyri-qanuni hərəkət həm də Brüssel və Moskvada keçiriləcək görüşləri pozmağa açıq cəhddir.
Armen Papikyan vurğulayıb ki, Azərbaycan həm də beynəlxalq ictimaiyyətin diqqətini Laçin dəhlizinin davam edən blokadası, bunun nəticəsində yaranan humanitar böhran, keçid məntəqəsinin qanunsuz yerləşdirilməsi və BQXK-nın fəaliyyətinin pozulması faktlarından yayındırmaq məqsədi daşıyır.