Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə mayın 14-də üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.
O, bu barədə hökumətin iclasında deyib.
Bununla yanaşı, o, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab edir.
Paşinyanın fikrincə, ikitərəfli sülh və dövlətlərarası sazişin layihəsi hələ ilkin xarakter daşıyır. "Sazişi imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim sənədi mümkün qədər tez hazırlayıb imzalamaq istəyimiz var", o deyib.
“Qeyd etməliyəm ki, Azərbaycan bugünkü hərəkətləri ilə bu müddət ərzində əldə edilmiş və 2022-ci il oktyabrın 6-da Praqada və həmin il oktyabrın 31-də Soçidə qeydə alınan fundamental razılaşmaları şübhə altına alır”, - deyə o bildirib.
Paşinyan onu da xatırladıb ki, yuxarıda qeyd olunan sənədlərdə Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanıması vurğulanır.
“Bu kontekstdə sual yaranır: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırsa, niyə ölkəmizin suveren ərazisini atəşə tutur. Soçinin üçtərəfli bəyanatına əsasən, tərəflər güc tətbiq etməkdən və güc tətbiq etmək hədəsindən çəkinməlidirlər.
Azərbaycan bu gün bu yazılı ictimai müqavilələri kobud şəkildə pozub və Azərbaycanın bu müddət ərzində pozmadığı birgə qəbul edilmiş sənədi xatırlamaq ümumiyyətlə çətindir”,- Paşinyan vurğuladı.