İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani brifinq zamanı İranın dörd azərbaycanlı diplomatı arzuolunmaz şəxs kimi tanıması ilə bağlı xəbəri təsdiqləyib.
“Azərbaycanın qeyri-konstruktiv hərəkətləri nəticəsində İran 4 azərbaycanlı diplomatı (iki nəfəri Tehrandakı səfirliyin əməkdaşlarından, iki nəfəri Təbrizdəki konsulluqdan) ölkədən çıxarıb”.
Əliyevin İranla bağlı son açıqlamalarına toxunan Kənani deyib: “Biz Azərbaycanla münasibətlərlə bağlı fikirlərimizi dəfələrlə bildirmişik. Bu ölkə ilə bağlı vurğulayırıq ki, iki xalq arasında əlaqələr ayrılmazdır və dərin köklərə malikdir, ona görə də iki ölkənin maraqlarından irəli gəlməyən heç bir addım atılmamalıdır. Biz aramızda olan mübahisəli məsələlərlə bağlı problemləri diplomatik yollarla həll etməyə hazırıq”.
Kənani vurğuladı ki, kürsüdən verilən bəyanatlar, xüsusən də mübahisəli məsələlərdə, onların həllinə kömək etmir.
Xatırladaq ki, İlham Əliyev daha əvvəl bəyan etmişdi ki, “Azərbaycan ilə İran arasında münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir”.