Ermənistan Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində Ankaradadır. ER Paramentinin sədri Assambleyanın 30 illiyinə həsr olunmuş Parlament Sədrlərinin Sammitində çıxış edib.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə toxunan Alen Simonyan qeyd edib: “Bu proses çərçivəsində müəyyən nailiyyətlər qeydə alınıb, lakin hələ də həll olunmamış çoxlu məsələlər var. Ümid edirik ki, yaxın gələcəkdə quru sərhədindən nəinki humanitar yüklərin daşınması, həm də beynəlxalq daşımalara və ticarətə açılması mümkün olacaq”.
Parlament sədrinin sözlərincə, Qara Dəniz İqtisadi Əməkdaşlıq regionunda ciddi təhlükəsizlik problemləri ilə üzləşməyə davam edirik və 2020-ci ilin payızında Dağlıq Qarabağda 44 günlük müharibənin, Ukraynada davam edən müharibənin ümumi təhlükəsizlik arxitekturası üçün ciddi geosiyasi nəticələri var.
“2021-ci ildə, daha sonra isə 2022-ci ilin sentyabrında Azərbaycan Ermənistanın şərq və cənub-şərq sərhədləri boyunca növbəti əsassız hərbi təcavüzə başlayıb, suveren ərazilərimizi işğal edib.
İndi artıq 5 aya yaxındır ki, Azərbaycan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Dağlıq Qarabağın həyatı üçün yeganə yol olan Rusiya Federasiyası sülhməramlılarının məsuliyyəti zonasındakı Laçın dəhlizini bağlayıb. Bu, Dağlıq Qarabağda humanitar böhrana səbəb olub. Aprelin 23-də Azərbaycan Laçın dəhlizinin başlanğıcında qanunsuz keçid məntəqəsi yaradıb. Azərbaycan tərəfi dəhlizin açıq olduğunu iddia etsə də, əslində o, sərbəst hərəkət üçün bağlı olaraq qalır”,- deyə Simonyan bildirib.
O xatırladıb ki, müharibənin başa çatmasından iki il yarım keçir və Azərbaycan hələ də ən azı 33 hərbi əsiri girov saxlayır.
“Ermənistana qarşı təcavüzdən istifadə nəticəsində yaranmış vəziyyət sabit və davamlı sülh üçün əsas ola bilməz.
Ermənistan xarici siyasətində qonşuluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini bir daha təsdiqləyib. Bizim qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur və biz qonşularımızın da bu prinsipi rəhbər tutmasını gözləyirik.
Münaqişələr sülh yolu ilə həll edilməlidir. Əminik ki, regional iqtisadi əməkdaşlıq sülhün, sabitliyin və insanların rifahının möhkəmlənməsinə töhfə verə bilər”,- deyə ER Parlamentinin sədri qeyd edib.