3 may-Ümumdünya Mətbuat Azadlığı Günündə "Sərhədsiz reportyorlar" Dünya Mətbuat Azadlığı İndeksi də daxil olmaqla, dünyada KİV və jurnalistlərin vəziyyətinə dair bir sıra hesabat və araşdırmalar dərc edib, “Turan” agentliyi bildirir.
2023-cü ildə İndeks 180 ölkədə vəziyyəti qiymətləndirib, bunlardan 31 ölkədə vəziyyət "çox pis", 42 ölkədə "pis", 55 ölkədə "problemli" və 52 ölkədə "yaxşıdır". Yəni, dünyanın on ölkəsindən yeddisində jurnalistika üçün mühit "pisdir".
Bu il Azərbaycan 151-ci yeri tutub (ötən il 152), vəziyyətin "çox pis" olduğu ölkələr sırasında qalıb.
"Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar hesab edir ki, bu qeyri- sabitlik bir çox ölkədə hakimiyyətlərin aqressivliyinin, jurnalistlərə qarşı düşmənçiliyin, habelə saxta və dezinformasiyaların artmasının nəticəsidir.
Türkiyədə də vəziyyət kəskin pisləşib, ölkə 16 pillə geriləyərək 165-ci yerə düşüb. Ərdoğan administrasiyası mayın 14-də keçiriləcək seçkilər ərəfəsində jurnalistlərin təqibini gücləndirib.
İndeksdə keçmiş SSRİ respublikaları aşağıdakı yerləri tutublar: Moldova – 28, Ermənistan – 49, Gürcüstan - 77, Ukrayna -79, Qırğızıstan – 122, Qazaxıstan - 134, Özbəkistan – 137, Tacikistan - 153, Türkmənistan-176.
Dünya Mətbuat Azadlığı İndeksi müxtəlif ölkələrdən media sahəsində ekspertlər və jurnalistlər qrupunun metodologiyasına əsasən tərtib edilib. Metodologiya mətbuat azadlığının dərəcəsini, əsasən "jurnalistlərin xəbərləri seçmək, istehsal etmək və yaymaq qabiliyyətini, həmçinin onlara siyasi, iqtisadi, hüquqi, fiziki və psixoloji təzyiqlərin olmasını nəzərə alır. Həmçinin jurnalistlərə və KİV-ə qarşı sui-istifadə halları da nəzərə alınır.