“İran və Azərbaycan ikitərəfli münasibətlərin normallaşması üçün qarşılıqlı addımlar atırlar”.
Bu sözləri İranın XİN sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib.
“İran ilə Azərbaycan arasında qarşılıqlı razılaşma, xüsusən hər iki tərəfin xarici işlər nazirlərinin üç raund telefon danışıqları çərçivəsində ikitərəfli münasibətlərin nisbətən normallaşması və ikili dialoqun keçirilməsi üçün bir sıra praktiki addımların atıldığını görürük”, - deyə Kənani vurğulayıb.
İranlı diplomatın sözlərinə görə, Bakı və Tehran arasında siyasi və iqtisadi sahələrdə əməkdaşlıq hələ də davam edir. “Ümid edirik ki, bu əməkdaşlıq yüksələn xətlə davam edəcək”.
Kənani, həmçinin əlavə edib ki, Azərbaycan və İran arasında münasibətlərdə yeni səhifənin açılmasına ehtiyac var.
“Hər iki dövlətin qarşılıqlı münasibətlərində yeni siyasi mühit yaranmalıdır. Biz hesab edirik ki, gərginliyin artması ikitərəfli əlaqələrə yalnız zərbə vurur. Üçüncü qüvvələr hər zaman qonşular arasındakı soyuq münasibətlərdən öz maraqları üçün istifadə edirlər”.